BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Home / Xınalıq Şəhidləri

Xınalıq Şəhidləri

Xınalıq Şəhidləri

Əsrlərlə öz mənfur siyasətlərini yeridən erməni təcavüzkarları növbəti terrorist planlarını Qarabağ və ətraf bölgələrdə həyata keçirməyə başladılar. Təpədən-dırnağa qədər silahlanmış erməni nasistləri və daşnak muzdurları yüz minlərlə azərbaycanlı sakinlərini öz doğma el-obasından, yurd-yuvasından köçkün və qaçqına döndərdilər.

Vətənin bu ağır günündə respublikamızın ərazi bütövlüyü, torpağlarımızın azadlığı uğrunda mübarizəyə xalqımızın mərd, başlarına and içməli oğulları ayağa qalxdılar. Vətən əşqi, vətən sevgisini – yanğısını ürəklərində bəsləyən fədailərimiz, sinələrini düşmən güllələrinə sipər etmiş, ölüm-dirim savaşına atılmışlar.

İşğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda gedən bu amansız müharibəyə xalqımızın digər oğulları kimi Xınalıq kəndinin də qorxmazlığı, cəzarəti, hünəri ilə tanınan cavanları da vətənin azadlığını əllərində, ürəklərində bayraq tutaraq səfərbər olmuşlar.

Amansız vuruşmalar, qanlı çarpışmalarda onlar ölüm ilə üzbəüz duraraq cəbhənin bütün bölgələrində qəhramanlıqla mübarizə apardılar. Nəçə-nəçə namərd erməni qatillərinin cavabını verdilər, onları al-qana boyadılar. Azğın qəsbkarların ağır texnikasını yox etdilər, düşmən tərəfinə ziyan vurdular. Döyüş yoldaşlarına sədaqəti ilə, cəbhədə hünəri, cəsarəti ilə tanınılan xınalıqlı cəsurlar həmişə nümunə olmuşlar. Onlardan nəçəsi ömrünü vətənin azadlığı yolunda qurban verərək əbədiyyətə qovuşdu, nəçəsi izsiz-soraqsız itkin düşdü, nəçəsinin al-qana boyanmış cəsədi düşmən əlində qaldı, nəçəsi həmişəlik şikəst kimi iş qabiliyyətini itirdi.

Elan edilməmiş bu acılı-ağrılı müharibədə həlak olanların, itkin düşənlərin qara xəbəri nəçəsinin qapısını insafsızcasına, amansızcasına, ahu-fəryadla döydü.

Kəlibyəv Rüfət İbrahim oğlu
20.10.1973 – 26.01.1994.

1992-ci ildə Milli Ordu sıralarına çağırılıb. Torpaqlarımızın mənfur erməni təcavüzkarlarından azad edilməsi uğrunda əldə silah, ürəyində Vətən yanğısı olan Rüfət bütün döyüş bölgələrində böyük qöhramanlıqlar göstərib, hissə komandiri və döyüş dostlarının böyük etimadını qazanmışdır. Mərhum Rüfət Kəlbiyev 1993-cü ilin yanvarın 13-də məzuniyyətə buraxılmış. Torpaqlarımızın düşmən tapdağında qalmasına dözə bilməyən Rüfət bir nəçə gündən sonra təzədən qulluq etdiyi hissəyə-ön cəbhəyə qayıdır. Və bir nəçə gündən sonra Şişqayanı düşmənin əlindən azad edilməsində iştirak etmişdir. Lakin amansız ölüm bu əməliyatda məhz 26 yanvarda onu gözləyirmiş. Şəhid olmağı hiss edibmiş kimi şəhidlik zirvəsinə çatmağa bir həftə qalmış əzizləri ilə, böyüyüb-başa çatmış doğma Xınalığı ilə görüşüb əbədi vidalaşmağa gəlimişdir. Namərd düşmən gülləsi onu məhz burada gözləyirmiş. Al-qanı Şişqayanın qayalarını qırmızıya boyadı. Şişqayanı vətənin azadlığı uğrunda ilk dəfə Babəkin qaldırdığı al bayrağa çevirdi. Həyatla əbədi vidalaşan Rüfət “Vətən, ana” deyərək gözlərini yumdu.

Vaxtı ilə oxuduğu Xınalıq kənd orta məktəbinə indi onun adı verilib. Büstü qoyulub. Kənd qəbiristanlığında dəfn edilib. Subay idi.

Zəkəriyev Ramazan Dəstəbəy oğlu
05.01.1965 – 01.02.1994

Vətənimizin suverenliyi, istiqlaliyyəti uğrunda könüllü olaraq ön cəbhəyə Quba Batalyonunun tərkibinə yollanır. Qanlı vuruşmalarda, işğal edilmiş torpaqların azad edilməsi uğrunda ölüm-dirim mübarizəsində Quba Batalyonu şərəfli bir yol keçir, silinməz bir iz buraxır.

Həmin Batalyonun qorxubilməz, cəsur döyüşçülərindən biri olan Ramazan Ağcəbədi, Qubadlı, Füzuli bölgələrində böyük qəhramanlıqlar göstərib. Onlarla azğın düşmənə qan uddurub. Qəfil ölüm onu Şişqaya əməliyatında gözləyibmiş. Hayatdan nakam gedən Ramazan şəhidlik zirvəsinə Şişqayada çataraq həsrətlə görmək istədiyi bircə balası – Sərxanı görmədən bu etibarsız dünyadan köç edərək, gözlərindən donmuş bir damla yaşla “əlvida həyat”  deyərək pıçıldayıb gözlərini əbədi yumur.

Hümmətov İbrahim Qədir oğlu
12.10.1973 – 05.09.1992

İbrahim 1992-ci ilin mart ayının 5-də Milli Ordu sıralarına çağırılır. Doğma torpaqlarımızın azad edilməsi uğrunda gedən vuruşmalarda igidliyi ilə sayılıb-seçilib. Ağdam, Tərtər, Kəlbəcər bölgələrinin müdafiəsində böyük şücaət göstərib. Çaldıran kəndi ətrafında quduzlaşmış erməni daşnakları ilə gedən qızğın döyüşdə böyük qəhramanlıq göstərəcək, neçə-neçə erməni quldurunu susdurub. Bu qanlı vuruşda ağır yaralanan İbrahimi hərbi hospitalda həkimlərin səyinə baxmayaraq təzədən həyata qaytarmaq mümkün olmur. Qısa ömür yolu bir xatirəyə çevrilir. Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi.

Xanəhmədov Arif Fərzəli oğlu
15.11.1966 – 05.05.1994

1988 – 1993-cü illərdə Bakı İnşaat Mühəndisələri İnstitutunda oxuyub. 34 N-li Quba Tikinti idarəsində mühəndis işləyib. Yadelli qəsbkarların müqəddəs torpaqlarımızda misli görünməmiş azğınlıqlar törətməsini heç cür özünə sığışdırmayan vətənimizin qeyrətli oğlu Arif ön cəbhəyə getməyə qəti qərar verir. Könüllü olaraq 1994-cü ilin aprel ayının 19-da ailə üzvləri ilə, yaxınları, dostları ilə görüşüb cəbhə xəttinə-düşman daşnaklardan qisas almaq alovu, döyünən ürəyi ilə müharibə ocağına atılır. Neçə evləri dağıtmış, neçə ailəni başsız qoymuş, neçə cavanın arzusunu ürəyində qoymuş, qatil, qanicən erməninin cavabını verə bilmişdir, Arif. Ürəyində qisas atəşi onu həmişə vuruş meydanının ən qızğın nöqtəsinə atılmağa çağırırdı. Ağdərə vuruşmasında ölməz iz buraxaraq şəhid olur. Qəhramanın meyidi yoldaşlarının səyinə baxmayaraq düşmən əlində qalır.

Bəşirov İlham Gülbaba oğlu
1973 – 22.12.1993

1992-ci ildə Milli Ordu sıralarına çağırılıb. Füzuli bölgəsində itkin düşüb. Atası Gülbaba kişinin, əmilərinin, yaxınlarının dəfələrlə göstərdikləri səylərə baxmayaraq İlhamdan dəqiq-dürüst məlumat əldə edə bilməyiblər. Mənfur düşmənin qurduğu hörümçək toruna ilişdi İlham. Arzuları ürəyində qaldı, İlhamın. Atası Gülbaba kişinin, anası Nazlı ananın yaxınlarının gözləri həsrətlə yola dikildi. Hey-hat ondan nə səs çıxdı, nə soraq. Gülbaba kişi oğul dərdinə dözə bilmədi, gözləri yolda qala-qala köç etdi bu dünyadan. Anasının gözləri isə hələ də yollardadır, hələ də ümid ilə pıçıldayır: Bəlkə…

Aslanov Nadir Ələsgər oğlu
15.08.1975 – 31.01.1998

1994-cü il 15 oktyabrda Milli Ordu sıralarında çağırılıb. Hərbi xidməti ləyaqətlə başa vurub. Xidmət etdiyi hərbi hissənin komandir heyəti tərəfindən mükafatlandırılıb, əsgər yoldaşlarının hörmətini qazanıb. Ona verilən tapşırıqları dəqiq-düzgün yerinə yetirib. Lakın…

Böyük arzularla evə qayıtmağa hazırlaşan Nadiri, terrorçu ermənilərin basdırdıqları minanın partlaması nəticəsində əbədiyyətə qovuşub. Amansız, vaxtsız əcəl bu cavanın ömrünə də qıya bildi. Özü də nəcə… Son tapşırığı yerinə yetirən Nadir nə biləydi ki, nakam qoyacaq arzularını, ayağının altında qalmış ölüm aparatı – mina məhv edəcək. Bu da bir qara xəbər: döydü gözü yolda qalan ananın qapısını. Ana oğlunun əsgərlikdən gəlişi münasibəti ilə evi yır-yığış etmiş, səhmana salmış intizarla yolunu gözləyirdi. Nə biləydi… Şadlıq quracağı evi qaraya bürüyərək yas tutacaq.

Nadirin anası, bacıları, qardaşları, yaxınları, bütün kənd və bir də gözü yolda qalan həyat yoldaşı intizarla gözləyirdi. Amma…

Amma o gün o qəfil xəbərdən ana naləsi, bacı fəryadı, qardaş iniltisi, yoldaşının şivəni, şad xəbəri gözləyən Xınalığı sarsıtdı. Şadlığa yığılmaq istəyənləri, yasına yığdı bu qara xəbər… Axı niyə lazım idi?!!

Mürşüdov Fəxrəddin Seyfulla oğlu
1974 – 1993

Xalqımız sinələrini düşmən güllələrinə sipər etmiş neçə-neçə igid, mərd fədailəri ilə, qəhrərmanları ilə, Qarabağ veteranları ilə fəxr edir, onları böyük iftixarla yad edir, xatirələrini həmişə uca tuturlar.

Allah sizə qəni-qəni rəhmət eləsin. Rahat uyuyun əziz şəhidlər!