BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Home / Memarlıq

Memarlıq

Xınalıqda yaşayış evləri

Xınalıq kənd yaşayış evlərinin memarlığı onun inkişafı tarixində xüsusi önəm daşıyan sahələrdən biridir. İctimai münasibətlər, coğrafi şərait, məişət və zəngin məmarlıq ənənələri kəndlərin inşaat xarakterinin müəyyənləşdirilməsində, eləcə də ictimai, yaşayış binaların tiplərinin və planlaşdırma prinsiplərinin aşkara çıxarılmasında mühüm əhəmiyyət daşıyır.

Yüksək dağ kəndi kimi Xınalığın yaşayış evlərinin planlaşdırılması və formalaşmasına ilk növbədə sosial-iqtisadi və təbii iqlim şəraiti təsir göstərmişdir. Xınalıqlılar yaşayış evində yaşamaqla yanaşı təsərrüfat işləri – heyvandarlıq, xalçaçılıq, yun və keçə məhsullarının hazırlanması ilə də məşğul olurlar ki, bu xüsusiyyətlər də yaşayış evlərinin memarlıq-planlaşdırma quruluşuna təsir göstərmişdi.

Xınalıq kəndində aparılmış tədqiqat nəticəsində yaşayış evlərin üç tipə: birotaqlı ev – qaradam, qaradamın təkmilləşmiş tipi və həyətyanı sahəsi olan evlərə ayırmaq olar.

XIX yüzillikdən başlayaraq yüksək dağ kəndlərinin sakinləri təbii iqlim şəraiti daha münasib olan aran kəndlərə köçürlər. Köçkünlərin ilk qəsəbələri Quba, Qəbələ və İsmayıllı rayonları olmuşdur.

Xınalıq kəndi sakinlərin köçdüyü Quba rayonun Vladimirovka kəndi yaşıllıq içindədir. Köçkün xınalıqlıların evi yığcam plan quruluşu ilə seçilir. Evlər əsas etibarilə ikimərtəbəlidir və kərpiçdən tikilir. Birinci mərtəbə təsərrüfat ehtiyacları üçün istifadə olunur. Həyətlər dürüst ölçülü və çəpərlə əhatəlidir. Çox vaxt həyət ön və təsərrüfat hissələrinə ayrılır. Təsərrüfat hissəsi buraqdan, saman saxlamaq üçün anbar və bir sıra köməkçi otaqlardan ibarətdir.

Birotaqlı ev – qaradam

Bu yaşayış tipi planda kvadrat və ya düzbucaqlı, bacası olan (dairəvi və ya kvadrat) yastı damlı yerüstü birotaqlı evdir. Ənənəvi birotaqlı ev bu tip evlərin bütün variantlarda həllinin əsasını təşkil edir.

Ərazinin sıldırım relyefi Xınalığın inşaat təcrübəsində daha geniş yayılmış ikimərtəbəli evlərin tikilməsi səbəb olmuşdur. Birinci mərtəbə təsərrüfat məqsədləri, ikinci isə yaşayış üçün istifadə olunur. Nisbətən az mailli relyef birmərtəbəli evlərin  tikilməsi zərurətini doğurur ki, bunun da nəticəsində təsərrüfat ehtiyaclarının ödənilməsi mürəkkəbləşirdi. Təsərrüfat yerləşmələri ya yaşayış evlərinə bitişik, ya da evin bilavasitə yaxınlığında yerləşirdi və onlar arasında əlaqə yamac vasitəsilə heyata keçirilirdi.

Sıldırım yamacda ev tikilməsi yaşayış evinin qismən çökəkdə yerləşməsinə səbəb olmuşdur. Evin arxa qismən də yan divarları  yamaca söykənir. Pəncərələrin olmaması yerüstü qaradamların səciyyəvi xüsusiyyətirdir. Baş fasadın divarında yalnız qapı olur. Pəncərənin olmaması yaşayış evini tikintinin dərinliyində yerləşdirməyə imkan verir.

Görünür ki, yaşayış evlərinin qapalı olmasının səbəbini ərazinin relyefi ilə yanaşı, iqlim şəraiti də müəyyənləşdirmişdir. Qapalı ev tipinin üstün cəhəti küləklərin istiqamətini nəzərə almamağa imkan verməsidir. Yalnız qapılar qərb tərəfdən əsən küləklərin istiqaməti nəzərə alınaraq yerləşdirilirdi.

İki əsas ünsürdən – bünövrə və arakəsmədən ibarət olan dam konstruksya həllinin sadəliyi ilə seçilirdi. Arası 60-70 sm olan tirlər divar və dirəklərə dirənir, onların üstünə taxta lövhələr düzülür. Bu döşənəcəyin üstü samanla (“nuk” – Xınalıq dilində) örtülür, üstünə qalınlığı 50 sm olan gilli torpaq təbəqəsi (“maqal” – Xınalıq dilində) tökülürdü. Bu təbəqə suyu keçirmir. Örtük xüsusi daş vərdənələrə (“kurpan” – Xınalıq dilində) basılırdı. Suyun dammasının qarşısını almaq üçün örtük vaxtaşırı vərdələnir.

Ərazinin sıldırım relyefi həyətyanı sahələrin salınmasıa imkan vermir. Yamac boyu yastı torpaq damlar yuxarıdakı evlər üçün həyət rolunu oynayır. Damlarda yanacaq kimi istifadə olunan təzək (xalq arasında “kuka” adlanır) qurudulur. Yaş təzəyə isə “mits” deyirlər. Damlar (“qis” – Xınalıq dilində) evləri yağıntılardan qorumaqla yanaşı, çəkisi və müvəqqəti ağırlığı (adamlar, qar və s.) divarlara və dayaqlara düşən əsas elementlərin də funksiyasını daşıyır. Bu cəhət daxili dayaqların kifayət qədər davamlı olmasına səbəb olmuşdur. Bununla yanaşı, evlərin böyük olması interyerdə konstruktiv dirək funksiyasını daşıyan, yastı damı saxlayan dayaqların yaranmasına gətirib çıxardı. Dirəklərin sayı bu və ya başqa evin ölçüsündən asılıdır.

Kəndin inşaat təcrübəsində yerli tikindi materialları – qaya və çay daşlarından, divarların tikilməsində isə samandan və gil məhlulundan geniş istifadə edilir. Müxtəlif rəngli daşlar divar hörgüsünə xüsusi cazibədarlıq verir. Tikililərin dirək-tir sistemi konstruksiyalarında və qapı lövhələrinin hazırlanmasında əsasən taxtadan istifadə olunur. Ağacdan inşaat təcrübəsində belə az istifadə edilməsi kəndin ətrafında meşə massivlərinin və Xınalığa nəqliyyat yollarının olmaması ilə izah edilə bilər.

Bununla belə, Xınalıqda evlərin fasadlarının taxta elementləri ilə də bəzədilməsinə rast gəlirik. Eyvanlı evlərin tikilməsində sadə taxta dirəklərdən istifadə olunur. Varlı adamlara məxsus evlərin istər fasad, istərsə də interyeri zəngin bəzəkli sütunları ilə fərqlənir.

Təkmilləşmiş qaradam tipi

İctimai-iqtisadi şərait, rayon mərkəzi ilə əlaqə, şəhər həyatının təsiri Xınalıq evlərinin yeni, daha təkmilləşmiş formalarının inkişafına səbəb olmuşdur. “Köhnə” birotaqlı evlərə əlavə otaqlar tikilir. Əlavə tikililərin (otaqlar, eyvan, dəhliz və s.) sayı kənd sakinlərinin maddi imkanından və əvvəlki evin ətrafında boş sahənin olmasından asılıdır. Əksər hallarda tikintinin sıxlığı yaşayış evinin genişləndirilməsinə imkan vermir.

Həyatyanı sahəli yaşayış evi

Nəzərdən keçirilən yaşayış evlərindən fərqli olaraq bu qrup evlərə gün işığı yalnız pəncərədən düşür. Yamacda yerləşən ikimərtəbəli yaşayış evlərinin birinci mərtəbəsindən mal-qara saxlanması və başqa təsərrüfat ehtiyacları üçün istifadə olunur. Nisbətən az dərə-təpəli relyefdə tikilən evin hər iki mərtəbəsindən yaşayış üçün istifadə olunur. Təsərrüfat otaqları isə ayrıca tikilir. Açıq və ya şüşəbənd eyvanlar belə evlərin mühüm elementdir. Mərtəbələr arasında əlaqəni açıq və ya şüşəbəndli pilləkənlər yaradır.

Xınalığın yaşayış evlərinin tədqiqi tikintinin planlaşdırılması evlərin konstruksiyası və kompozisiyasi üsullarının inkişaf və təkmilləşdirilməsini izləmək baxımından elmi maraq doğurur. Xınalığın yaşayış evləri üçün: relyefdə evin bacarıqla yerləşdirilməsi, tikilişlərinin konstruksiya həllinin ən sadə – dirək-tir sistemi və “taxça” və “tendir”dən istifadə etməklə interyerlərin həlli kimi xüsusiyyətləri səciyyəvidir.

Xınalığın inşaat təcrübəsində birotaqlı qaradamdan inkişafetmiş çoxotaqlı kənd yaşayış evinə qədər təkamül prosesini müşahidə etmək mümkündür.