BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Home / Rizvan Qiblədağlı

Rizvan Qiblədağlı

Rizvan Qiblədağlı

Rizvan Qaçıyev (Qiblədağlı) Səddar oğlu 01 iyul 1951-ci ildə Quba rayonunun Xınalıq kəndində anadan olub. Orta təhsilini Xınalıq kəndində bitirib. Qubada fəaliyyət göstərən Abbas Qulu Ağa Bakıxanov adını daşıyan “Gülüstan” ədəbi məclisinin üzvüdür. Bir sıra şeirləri “Gülüstan” və “Şabran nəğmələri” adlı almanaxlarda dərc olunub.

 

Xınalıq

 

Mən deyirəm, Qaragüney qaşındır,

Saçın bulud, yel darağın, Xınalıq.

Sən işığa qərq olursan gecələr,

Ulduzlardır çilçırağın, Xınalıq.

 

Dağ kəlləri sıralınıb qaçanda,

Qartallar da qanad açıb uçanda.

Günəş çıxıb şöləsini seçəndə,

Gözəl olur səhər çağın, Xınalıq.

 

Sən nurusan, işığısan gözümün,

Mənasısan, hikmətisən sözümün.

Tufan dağı mətanətin, dözümün,

Vüqarındır Qiblə dağın, Xınalıq.

 

Bu dünyada yoxdur sənin heç tayın,

Xəstələrə dərman olur dağ çayın.

Gələn zaman güllü yazın, xoş yayın,

Hər diyardan var qonağın, Xınalıq.

 

Camalının bənzəri var cənnətə

Görənlər son qoyar dərdə, möhnətə.

Dönür sussuz dodaqlarda şərbətə

Büllur suyun, buz bulağın, Xınalıq.

 

Ayrılmaz

 

Qartallar dağlardan, ulduzlar göydən

Bülbüllər çiçəkdən, güldən ayrılmaz.

Kəkliklər qayadan, ceyranlar düzdən

Sonalar heç zaman göldən ayrılmaz.

 

Sevgidir ürəyə, qəlbə yaraşıq

Yer göyə aşiqdir, göy yerə aşiq.

Bir məclisə girib söylədi aşıq

Saz sinədən, mizrab teldən ayrılmaz.

 

Pis nifrət qazanar, yaxşısa alqış

Dərdliyə nə fərqi  yaz olsun, ya qış.

Gözdən yaş ayrılar, buluddan yağış

Ər candan ayrılar, eldən ayrılmaz.

 

Ətirsiz gül olmaz, dərmansız loğman

Taxta, taca, xalqa möhtacdır sultan.

Müqəddəs üç söz var bil ki, ey Rizvan

Allah,vətən, ana dildən ayrılmaz.