BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Home / Asvar Tufandağlı

Asvar Tufandağlı

Asvar Tufandağlı

Qabilov Asvar (Tufandağlı) Novruz oğlu 1952-ci ildə Quba rayonunun Xınalıq kəndində anadan olub. Orta məktəbini Xınalıqda bitirmişdir. Quba rayonunda fəaliyyət göstərən Abbasqulu Ağa Bakıxanov adına “Gülüstan” ədəbi məclisin üzvüdür. Bir sıra şeirləri “Gülüstan”, “Tərəqqi” və “Şabran nəğmələri” adlı almanaxlarda dərc olunub. Şair Asvar Tufandağlı “Dağlar Məndən İnciməsin” adlı kitabın müəllifidir.

 

XINALIQDI BU

 

Tufan dağı birdir, cahanda aşkar,

Əsən küləyində ümman səsi var.

Ümmandan iz qalıb qoşa nohurlar,

Sirlərə qatılan Xınalıqdı bu.

 

Əzəldən peyğəmbər arzu-kamında,

Misli övliyalar şərbət camında.

Ümman çəkilərkən Nuh əyyamında,

Özülü atılan Xınalıqdı bu.

 

Burda havalandı Pənahın səsi,

Kökləndi avaza Kürün nəğməsi.

Oxundu Şakirin zil şikəstəsi,

Rza saz oynadan Xınalıqdı bu.

 

Aşıq Məmmədağa bu eli seçdi,

Həsrətin zurnası çalındı, keçdi.

Mahmud da bu yurdun suyundan içdi,

Ustadlar tanıyan Xınalıqdı bu.

 

Bu yurdun aşığı Dədə Əmin də,

Neçə qol bağladı sazı əlində.

İzzət qıfılbəndi şirin dilində,

Söz ilə ucalan Xınalıqdı bu.

 

Şair Rahim Alxas söz xiridarı,

Saz çalıb oxşatdı uca dağları.

Yetirdi Namiqi, şair Asvarı,

İlhamı çağlayan Xınalıqdı bu.

 

 

KÖNLÜ QUBAR EYLƏMİŞƏM

 

Seyr halımı sorma, qoca, çağ eyləmişəm,

Qocaman qarlı dağam, saçları ağ eyləmişəm.

 

Cosqulu könlüm ilə cüssədə, cövlanda idim,

Getdi yaz, gəldi qışım, qəlbi sazaq eyləmişəm.

 

Nəyi istərsə könül, hər nəyə acizdi canım,

Necə sığsın bu cana, dərdimi dağ eyləmişəm?

 

Üzgünəm, dizlər əsir, sızlar olub can-bədənim,

Tutmur əllər də əsa, sanki çolaq eyləmişəm.

 

İstərəm doymağı baxmaq ilə sevdiklərimə,

Çəkilib tor gözümə, zəndi çıraq eyləmişəm.

 

Dostumun dostu idim, indisə həsrətdədi göz,

Məni salmışlar uzaq, mən də uzaq eyləmişəm.

 

Yaralı könlümü görmüş birisi, küsmüş inan,

Söyləmiş ki, ona mən kinli qabaq eyləmişəm.

 

Mənə də sirrini, Tanrım, bu nə halətdi görən?

Əzəlim tək özümü körpə uşaq eyləmişəm.

 

Olmuşam haqqa fəda, şahid olub cüt mələyim,

Nə haram isə mənə, mən ki, yasaq eyləmişəm.

 

Dərdimi ərz eləyib rəbbimə çatdırmış ikən,

Ucadan gəldi nida, çünki sınaq eyləmişəm.

 

Yenə mən çağlayan ilham ilə aldım qələmi,

Könlümü şerimə verməklə bulaq eyləmişəm.

 

Ürəklə yazdığı coşqun qəzəlin dinləməyə,

Arayıb Asvarı çoxdandı soraq eyləmişəm.

 

 

 

ŞAH ABBAS VƏ ŞEYX ŞALBUZ

 

Poema

 

(Yazılmamış qalan real xatirələrdən)

 

Şah düzü, şah dağı şahdan yadigar,

Hər adın bir sirri, bir tarixi var.

 

Şah Abbas adında şahzadə varmış,

Bu yerlər öz şəxsi mülkü olarmış.

 

İllərcə o şahın hökmündə qərar,

Sürülər otlarmış hər yayı təkrar.

 

Düzləri çox gözəl, ətrafı dağlar,

Hər yandı büllür tək bulaqlar çağlar.

 

Sağında Şah dağı, solunda Tufan,

Şah düzü qoynunda güllü-gülüstan.

 

Şah Abbas yaylağa özü gələrmiş,

Həm mülkə nəzarət, həm dincələrmiş.

 

Nabat xanım idi sevgi gümanı,

Şahın yar-yoldaşı, könül sultanı.

 

Bir gün Nabat xanım dillənir şaha,

Deyir: əvvəlki tək sevmirsən daha.

 

Deyirlər Şah düzü, Şah dağıdır bu,

Şahzadə Abbasın yaylağıdır bu.

 

Sevsəydin məni də yad eləyərdin,

Ya dağa, ya düzə Nabat deyərdin.

 

Mən ki uca şahın bir dənəsiyəm,

Bir könül sultanı, dürdanəsiyəm.

 

Şah giləy-güzara elədi diqqət,

Deyişdi azacıq əhvalı əlbət.

 

Deyir: ey Nazənin, ey gözəl kəklik!

Sənə taymı olar dağ, ya düzənlik?

 

Məgər məhəbbətim bu cür sadədir?

Neçə min dənizdən çox ziyadədir.

 

Gecələr baxanda ulduzum, ayım,

Gündüzlər könlümdə dürr axan çayım.

 

O sevgin eşqimlə könlümdə təkdir,

Ay qız, bu tənələr nəyə gərəkdir?

 

Düzdən bir çay axır sənə bənzəri,

Qoy olsun hədiyyən ey gözəl pəri!

 

“Şah Nabat” çayıdır bu gündən o çay,

Sənin aydan gözəl camalına tay.

 

Gör necə naz ilə sakitcə axır,

İşvəsi Şah dağı yandırıb-yaxır.

 

Mən uca bir dağam doymadan baxan,

Sən çağlayan çaysan sinəmdən axan.

 

Bir gün Şah Abbas xəbər verdilər

Xınalıqda bir şeyx varmış dedilər.

 

İmanı, qurar qəlbində qərar,

Elmində hikməti, kəraməti var.

 

İsmində Şalbuzdur, Allah bəndəsi,

Əncamla yollayır gələ hər kəsi.

 

Müşkül məsləhətlər alınır ondan,

Allah dərgahına çatan zamandan.

 

Şah Abbas bir müddət xəyala dalır,

O gələn xəbərə təəccüb qalır.

 

Pərişan bir halda başın yelləyir,

Dönüb əyanlara belə söyləyir:

 

-Mən özüm həm şaham, həm şeyx adım var,

Neçə müşkülləri elədim aşkar.

 

Məndə ədalət var, qəlbim tərtəmiz,

Bir uca Allahın bəndəsiyik biz.

 

Görəsən nə imiş fərqi o şeyxin?

Yəni Şah Abbasdan bilirmiş dərin.

 

Onunla üz-üzə görüşməliyəm,

Sirri nə imiş ki, mən bilməliyəm.

 

O şeyxlə çox sadə bir şərtim olar,

Şeyx adında ya mən, ya da o qalar.

 

Hardasa o şeyxi çağırın deyir,

Deyin ki, Şah Abbas səni gözləyir.

 

Elçi tez yollanır çaparaq atı,

Çatdıra Şalbuza o məlumatı.

 

Yetir Xınalığa qısa bir anda,

Günün günortası olan zamanda.

 

Enərək atından gəldi məkana,

Şahın salamını çatdırır ona.

 

Şalbuz uca şahın salamın alır,

Bir müddət düşünür, xəyala dalır.

 

Elçinin önündə vargəl eləyir,

Qəddini düzəldib belə söyləyir.

 

De ki, şah böyükdür, şahım sağ olsun!

Hər yerdə, hər zaman üzü ağ olsun!

 

Söylə ki, bəllidir məqsəd-amalı,

Şah geri çəkilsin bu işdən xalı.

 

Mən uca şahımla gəlməm üz-üzə,

Bu təndə bir meydan yaraşmaz bizə.

 

Allah bəndəsiyik şahım da, mən də.

Odur əldən alan, odur verən də.

 

İnci çox dəyərli, danə-danədir,

Şahım öz taxtında çox şahanədir.

 

Bu işdən əl çəksə, olmazmı bəyəm?

De ki, bacarmaram, aciz bəndəyəm.

 

Elçi geri dönür çaparaq atı,

Çatdıra şahına bu məlumatı.

 

Baş əydi şahına, söylədi bir-bir,

Şalbuzun cavabı, son sözü nədir?

 

Şah Abbas diqqətlə dinləyir onu,

Dillənir qəzəblə, budurmu sonu?

 

Anlasın o Şalbuz, bilsin bir kərə,

Saldı şah Abbasın sözünü yerə.

 

Yanlış qərarını qəbulmu edim?

Şeyxin ayağına özümmü gedim?

 

Dedi hazırlaşın, sabah gün doğa,

Səfərə çıxırıq biz Xınalığa.

 

Şah Abbas səfərə hazırlaşmaqda,

Şeyx Şalbuz bu işə əncam qılmaqda.

 

Şeyx Şalbuz qəm içrə hey dalır fikrə,

Şaha qaytardığı cavaba görə.

 

Allaha sığınıb gedir yuxuya,

Uymuş ikən görür şirin bir röya.

 

Bilirdi, olsa da adil hökmdar,

Onu saymayanda qəddarlığı var.

 

Görür ki, bir qara bulud görünür,

Şahın gədiyəndən kəndə sürünür.

 

Böyründə bir nurun zolağı yanır,

Evin kandarında Şaha uzanır.

 

Bu röya Şalbuzun dincini pozur,

Hövlnak qalxaraq röyanı yozur.

 

Nur xilas yoludur biləsiyəm mən,

Şah ilə üz-üzünə gələsiyəm mən.

 

Çağırdı oğlunu Seyid adında,

Dedi dinlə məni, saxla yadında.

 

Şah Abbas dalımca gələsidir bil,

Ədəblə qarşıla, olma dilbədil.

 

Bir inək bətnində var mübahisə,

Verilmiş suala cavab ver kəsə.

 

Buzovun cinsini, rəngini sorar,

Söylə filan-filan əlaməti var.

 

De, atam Şah səmtə getdi üz-üzə,

Mən onun fikrini söylədim sizə.

 

Başqa bir kəlmə də söyləmə belə,

Şahı qonaq çağır, ehtiram elə.

 

Sonda gözlərini Seyidə dikdi,

Uzaq bir səfərə gedirəm dedi.

 

Hallaşıb çıxdı baxmadan dala,

Röyanın iziylə düzəldi yola.

 

Sübh ikən çatırdı orta doqqaza,

Bir ağ daş üstündü durdu namaza.

 

Qılmaqla namazı durdu ayağa,

Yollandı qismətə, əhdə, sorağa.

 

Qəlbi nur içində cənnət soraqlı,

Öz qədər yolunda Allaha bağlı.

 

Şahın gədiyindən aşdı o üzə,

Azacıq qalmışdı çatmağa düzə.

 

Şah düzü tərəfdən toz qopur bu an,

Sanki yer titrədi, qopdu bir tufan.

 

Bir dəstə atlılar, öndə şah Abbas,

Atları yəhərli, üst-başı atlas.

 

Atları tər içrə təngənəfsdi,

Bir anda Şalbuzun yolunu kəsdi.

 

Şah özü Şalbuzu tutdu suala,

Şeyx çaşqın bir addım çəkildi dala.

 

Dedi Xınalıqdan gələn yolçusan,

Söylə, şeyx Şalbuzu tanıyırmısan?

 

Ağır imtahanlı övliya isə,

Düz cavab qaytardı soruşan kəsə.

 

“Soruşduğun adam bil, eşitmənəm,

Vallah tanımənəm, billah, bilmənəm”.

 

Gülüşüb hərə bir lağ da etdilər,

Çaparaq atları gözdən itdilər.

 

Şah öndə, arxada öz əyanları,

Yollanır Xınalıq kəndinə sarı.

 

Övliya şah Nabat çayına endi,

Görsə ki, sel-sudan keçmək çətindi.

 

Yalvarıb Allaha dualar etdi,

Yol ver deyə ondan aman istədi!

 

Bu anda səs qopdu, yer silkələndi,

Hər taydan bir qaya üz-üzə endi.

 

Baş-başa dirəndi hər iki qaya,

Qüdrətli bir körpü qapandı çaya.

 

Övliya tez keçdi, dirəndi dağa,

Şahın qəzəbindən uzaqlaşmağa.

 

Dimdik sıldırıma yetişən zaman,

Namaz vaxtı idi, çağırsın azan.

 

Boylandı ətrafa su tapa bilsin,

Vacib dəstəmazı icra edilsin.

 

Nə qədər hər yerə etsə də diqqət,

Görmədi sudan, ya qardan əlamət.

 

İstədi torpağa əyilsin, birdən,

Bir bulaq fışqırdı durduğu yerdən.

 

Dupduru, büllurtək sular çağladı,

Aldı dəstəmazı, qamət bağladı.

 

Namaz bitmək ilə çıxdı yoluna,

Çəkildi, qovuşdu öz dərgahına.

 

Son kəs dərgahına ordan ucaldı,

Sıldırım sal daşda izləri qaldı.

 

Şah və əyanları kəndə çatırlar,

Soruşub Şalbuzun evin tapırlar.

 

Seyid gülə-gülə çıxdı qabağa,

Bildi ki, şah gəlib əhdə, sorağa.

 

Baş əydi, ədəblə xoş gəldin dedi!

Qonaq Allahındır, deyə söyləndi.

 

Şah bu ehtirama razılıq ilə,

Şalbuzun cavabın gətirdi dilə.

 

Deyir çağır şeyxi gəlsin meydana,

Gəlib cavab versin bir imtahana.

 

Seyid dillənir ki, o səfərdədi,

Gəldiyiniz yolla üz-üzə getdi.

 

Boy-buxunu filan, geyimi filan,

Mənə tapşırılıb həmin imtahan.

 

Şah deyir mən onu gədikdə gördüm,

Şeyx Şalbuz barədə sual da verdim.

 

Mənə söylədi ki, bil, eşitmənəm,

Valla tanımənəm, billah bilmənəm.

 

O Şalbuz idisə, belə deyərdi?

Lap bu cür mənasız cavab verərdi?

 

Seyid dillənir ki, o, dümdüz demiş,

Özü olduğu doğru söyləmiş.

 

“Axtardığın adam bil, eşit, mənəm,

Vallah, tanı mənəm, billah, bil, mənəm!”

 

Övliya şər işə əsla qarışmaz,

Özü yol göstərər, yalan danışmaz.

 

Şah uca bir səslə: mənmi yanıldım?

Özümü nə gülünc bir hala saldım.

 

Mən elin şeyxiyəm, həm söz biləni,

Ah necə bir kəndçi aldadıb məni!

 

O ki gədən deyil çox uzaqlara,

Əsgərlər, həbs edib gətirin bura!

 

Atlılar çaparaq çıxdılar yola,

Şalbuzu həbs edib qaytara dala.

 

Bir çoban gördüyün açıb söylədi,

Əbəs özünüzü yormayın dedi.

 

Az öncə sürünü yaldan ötürdüm,

Qeybə çəkildiyin gözümlə gördüm.

 

Atlılar çaparaq döndülər geri,

Söyləndi çobanın söylədikləri.

 

Şah məyus bir halda başın yellədi,

Döndü naibinə belə söylədi:

 

-Gətirin inəyi, sürün meydana,

Seyidlə mən düşdüm bu imtahana.

 

Şah deyir: ey Seyid, atan ki sənə,

Necə tapşırıbsa cavab versənə.

 

İnəyin doğuşa vaxtı daralmış,

Görünür çox qısa zamanı qalmış.

 

Düz söylə buzovun rəngini mənə,

Erkəkmi, dişimi, varmı nişanə?

 

Seyid dillənir ki, şahım biləndir,

Söz şaha verilir, qonaq gələndir.

 

Şah razı bir halda başın tərpədir,

Özünü toxtadıb astaca deyir:

 

-Buzovu zil qara, alnı təpəldir,

Cinsi ərkək, özü həddən gözəldir.

 

Seyid də öz fikrin söyləsin mənə,

Ya doğrumu deyər, ya da tərsinə.

 

Seyid gülümsərək dillənir yavaş,

Deyir nə yanlış var, nə də bir təlaş.

 

Düzdür, cinsi ərkək, rəngi zil qara,

Ancaq təpəlliyi yetmədi kara.

 

Buzov təpəl deyil, quyruğunda ağ,

Quyruğun ucunda qar kimi saçaq.

 

Saçaqdır dolanıb alnında duran,

Odur təpəllikdə səni çaşdıran.

 

Şah Abbas Seyidə: yanlış dedin sən,

Heç zaman zənnimdə yanılmadım mən.

 

Odur ki, bu inək kəsilsin gərək,

Doğruya yanlışa hesabat verək.

 

Yığışıb inəyi kəsib yardılar,

Buzovu bətnindən təz çıxardılar.

 

Buzov erkək, qara, çox gözəl imiş,

Quyruğun ucu ağ, təpəl deyilmiş.

 

Şah Abbas pərt olur, hey baxa qalır,

Çaşqın bir əhvalla xeyala dalır.

 

Olduqca peşiman bir halda əlbət,

Sanki öz-özünə etdi məzəmmət.

 

Şah başın qaldırıb dillənir yenə,

Deyir ki, bu şərti uduzdum sənə.

 

Dinləməli idim şeyx Şalbuzu mən,

Düz yolu çaşdırdım, bilmirəm nədən?

 

Doğrudan cüt əkiz inci də varmış,

İnci də incidən uca olarmış.

 

Baş əydim o böyük şeyxin əlminə,

Var mənim verəsi hədiyyəm sənə.

 

Qol çəkdim sənədə əhdimdə sadiq,

Qəbul et, möhrümlə olunmuş təsdiq.

 

Şahın yaylaqları car çəkin elə,

Seyidə məxsusdur bu gündən belə.

 

İndi icazə ver ay Seyid, gedək,

Yolçu vaxtı ikən yolunda gərək.

 

Şeyx Şalbuz övliya nəslindən biri,

İndi də qorunur məscidi, piri.

 

Ömür hekayəti dərin iz salmış,

Dildən-dilə bizə əmanət qalmış.

 

Odur ki, qələmə aldım yazılsın,

Sonrakı nəsilə xatirə qalsın.

 

Əbu Müslüm nəsli Cabbar övliya,

Böyük hikmətiylə alınmış saya.

 

Hər gecə nur ilə Kəbəyə varmış,

İşa namazını orda qılarmış.

 

Xüsusi maraqla aldım qələmə,

Çalışdım düz yazam kəlməbəkəlmə.