BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Home / Xınalıqlı Aşıqlar

Xınalıqlı Aşıqlar

Xınalıqlı Aşıqlar

 

XVIII əsrdə Azərbaycanın digər regionlarında olduğu kimi şimal regionunda da Aşıq sənətinə xüsusi maraq artmışdır. Buna misal kimi həmin dövrdə tarixən unikallığı, öz dili ilə sayılıb seçilən  Xınalıq kəndində yaşamış və yaradıcılıqla məşğul olmuş aşıqları göstərmək olar.  Xınalıqlı aşıqlar artıq XVIII əsrdə öz fəaliyyətləri ilə bütün Azərbaycanda məşhurlaşmışdırlar. Cüng-arxivlərə düşmüş əlyazma bayatılar, aşıqların şerləri yuxarıda sadalananları sübut etməyə əsas verir. Azərbaycanda Aşıq Valeh, Aşıq Murad, Dəllək Aşıq və s. aşıqların yaşayıb yaradıcılıqla məşğul olduqları dövrdə qədim Xınalıq kəndində də bir sıra sayılıb seçilən aşıqlar fəaliyyət göstərmişdilər. Nümunə kimi həmin dövrdə yazıb yaradan aşıqları: Xınalıqlı Molla Üzdən, Xınalıqlı Dədə Əmin, Xınalıqlı Qasım, Xınalıqlı Suleyman, Qızyetər və sairləri göstərmək olar. Həmin aşıqlar haqqında bir sıra məlumatlar  əlyazmalar şəklində hal-hazırda M. Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Mövlud Yarəhmədovun əsərində “Dağıstan töhfələri” (Bakı 1987, səhifə 69-75), Xınalıqlı aşıqlar və onların şerləri haqqında aşağıdakı məlumatlar verilib:

 

Xınalıqlı Molla Üzdən

 

XVIII əsrdə yaşamışdır. Ömrü boyu mədrəsədə dərs demiş, cünglər yazmış, özündən əvvəl yaşamış sənətkarların əbədi irsini toplamaqla məşhur oşmuşdur. Şairin həyatı haqqında geniş məlumat olmasa da şerləri həyatı haqqında qismən də olsa məlumat verə bilir.

 

Yarandı

 

Qadır Allah, səndən dilək dilərəm,

Dünya qəmi məgər mənə yarandı?

Ah çəkməkdən ciyərimiz üzüldü,

Dünya qəmi məgər mənə yarandı?

Görməmişəm bu dünyanın vəfasın,

İstəmərəm sürüm zövqü səfasın,

Gecə-gündüz çəkəcəkdim cövrü-cəfasın,

Dünya qəmi məgər mənə yarandı?

Məni nəçün yaratmısan binadan?

Dağlar çəkilibdir mənim sinəmdə,

Mənimtək olmasın heç kim anadan,

Dünya qəmi məgər mənə yarandı?

Çox çəkmişəm bu dünyanın qəmini,

Üzdən nə qalıbsa deyim hamını,

Dünya qəmi məgər mənə yarandı?

 

 

Xınalıqlı Dədə Əmin

 

XVIII əsr aşıq ədəbiyyatı tarixində söz roman sənətkarlardan biridir. Sazda ifa etmə bacarığı olsa da, aşıqlıq etməmişdir.

 

Getdi

 

Təkəbbür dağların həmrahı olan

Vədə tamam oldu, qarıdı getdi.

Çəkildi zimistan, yaz bəhərləndi,

İsti havasında əridi, getdi.

 

Ustadın dinləyən nəsihət aldı,

Heyif, günüm keçdi, ömrüm azaldı,

Bülbül qönçə üçün zarıncı qaldı,

Bağçalar dolusu bar idi, getdi.

 

Haqqın terəfdarı danışmaq yalan,

Əyləməz özgənin malını talan,

Hərkəsə dünyada son nəsib olan,

Beş arşın ağ idi, sarıdı getdi.

 

Biyarı cənnətdə iqrar-imansız,

Doğrusun deyirəm, şəksiz-gümansız,

Neçələri gördüm acı dil amansız,

Çoxları dövlətin varıdı getdi.

 

Haqq özü yaratdı ərşi-zəmini

Bu anlaşılmaz fitnə-fellər damını,

Soruşsalar Xınalıqlı Əmini,

Deyin: bu dünyada var idi getdi.

 

 

Döndü

 

Cahillər ahilin qədrini bilməz,

Ay ağalar, yaman zamana döndü.

Gördüyünü xalqa söyləyə bilməz,

Bu könlümün qəmi dumana döndü.

 

Alıcı  tərlanım uçdu əlimdən,

Qurtara bilmədim fitnə-felindən,

Dad eylərəm çərxi-fələk əlindən,

Yandı kabab bağrım büryana döndü.

 

Müqəddəs sandığın doğru yol getməz,

Kasıbı dinləməz, bir kömək etməz,

Cahillər yanında sağ sözün ötməz,

Dağdan ağır başım samana döndü.

 

Haqqı səvən yolda dost doğru gəlir,

Bir kamil ustaddan nəsihət alır,

Özünü bilməyən səni nə bilir?! –

Heyif, əlif qəddim kamana döndü.

 

Bülbülü avazlar, qöncəli bağlar,

Düşmənin tənəsi sinəmi dağlar,

Xınalıq Əminəm, ah çəkib ağlar,

Heyif da, halım yamana döndü.

 

 

Xınalıqlı Qasım

 

XVIII əsrdə yaşamış, el ədəbiyyatının müxtəlif biçimlərində yazıb yaratmış aşıqlardan biri də Xınalıqlı Qasım olmuşdur. Onunla bir dövrdə yaşamış Xınalıqlı sənətkarların şerlərini toplamaq, toplular hazırlamaq, onlardan dərs vəsaiti kimi istifadə etmək sənətkarın əsas işi olmuşdur.

 

 

Sevdigim

 

Qədəm basdın didələrim üstünü,

Sən xoş gəldin, səfa gəldin, sevdigim.

Qurban olum siyah çəşmin məstinə,

Məgər sən insafə gəldin, sevdigim.

 

Sabahadək didələrim uymazdı,

Sək rəqiblər qanımızdan doymazdı,

O zalimlər səni mənə qıymazdı,

Sən eylədin vəfa, gəldin, sevdigim.

 

Əndəlib tək ayırdılar gülümdən

Ah çəkərəm ürəgimdən, dilindən

Əğyar tə`nəsindən, mənim əlimdən

Çəkdin cövrü cəfa gəldin, sevdigim.

 

Yar, qapısında yaslanaram mən yüz il,

Sən təzə qönçəsən, mən şeyda bülbül,

bu dərd məni öldürəcək, yəqin bil.

Sən dərdimə şəfa gəldin, sevdigim.

 

Mən Qaiman, sinəm həqqin kəlamı,

Şükür həqqə, yar eşitdi naləmi,

Camalın şö`bəsi basmış aləmi,

Düşmüş Qafdan-Qafa gəldin, sevdigim.

 

 

Haray

 

Əhədu-ləmyəzəl vahidi-yekta,

Salma məni gözdən ayağa, haray.

Muntaha qovruldum tə`nəli sözdən,

Pərvanə tək yandım a yağa, haray!

 

Sevdigim al geymiş: ala yarasız,

Bu sınıq könlümü ala, yarasız,

Bizdə bir nişan var ə`la yarasız,

Müxənnəs yapısız ayağa, haray.

 

Kabildən gəldin sən Dəməşq elinə,

Bülbül ərzi halın demiş gülünə,

Xınalıq Qasımın dəymiş gülünə,

Sən özün yetiş gəl, ay ağa, haray!

 

 

Xınalıqlı Suleyman

 

Doğum və ölüm illəri dəqiq məlum deyildir. Şair XVIII əsrdə yaşamışdır. Azərbaycan şifahi və yazılı ədəbiyyatını yaxşı bilən, onu təbliğ edən, bu ədəbiyyatın müxtəlif biçimlərində gözəl şerlər yazan bir sənətkar olmuşdur.

 

 

Mübtəla

 

Kaşki, olmayaydım, mən yarə aşıq,

Olmaz idim belə zarə mubtəla.

Bədriqqət eylədi eşqdən atəşim,

Olmuşam çün ol şikara mubtəla.

 

Məcnun tək gəzirəm mən dağı-daşı,

Zərrəcən halıma yanmayır naşı,

Dəryaya dönübdür gözümün yaşı,

Olmuşam mən bu çanxarə mubtəla.

 

Görəndə gözümdən axan qanlı yaş,

Cəllad tək dayanır qəsdimə göz-qaş,

Bizi tərk eyləyib gedəcək birbaş,

Deməz: qaldı bu biçarə mubtəla.

 

Ey zülfi-pərişan, kakili-dəstə,

Ruxsarı laləzar, dəhanı püstə,

Çəkəydi, Süləyman, yar sinəv üstə,

Xəstəyəm, olmuşam narə mubtəla.

 

 

Zuleyxa

 

Ey simbədən mehri-dirəxşəndə, Zuleyxa,

Ey kani-məlahət ləbi purxəndə, Zuleyxa,

Qılma saçını munca pərakəndə, Zuleyxa,

 

Ey gözləri şəhla,

Ey qaməti zə`na,

Ey saniyi – Leyla

Ə`la, dəxi ə`la,

Ruxsarı gözəldir,

Rəftarı gözəldir.

 

Tuti kimi hər ləhcəyi-göftarı gözəldir,

Kim gördü ki, yüz ruh ola bir təndə, Zuleyxa?!

 

Kim vəsmə yaxıb qaşına qiylətdi hılalı,

Əbruyi-kamanın kimi qanrıllı xeyalı,

Ol biədəbin yoxdu məgər əqli-kamalı?

 

Yox vəsmədə sevda,

Qıldı ayrı fezva,

Ey duxtəri – tərsa

Ey zülfü – cəlipa

Bəsdir dəxi, yandım,

Hər cövrə dayandım,

 

Ey qöncə dəhan, zəhm elə zülmündən usandım

Bundan sora yox tabu təvan məndə Zuleyxa!

 

Nəsrin tokulub şahi-ruhun tə`rifinə, heyhat,

Nərradi – qəza şəşdəri – həyrətdə qalıb, mat,

Hətta ki, sənin hüsnün olub aləmə isbat,

 

Bir mahliqasən,

Bir abi-bəqasən,

Bir eyni-səfasən,

Sən əhli-vəfasən,

Yox, heyf ki, yarın,

Sən türfə nigarın.

 

Bu zinət ilə düşsə əgər Misrə güzarın,

Hüsnün edərək Yusifi şərməndə, Zuleyxa!

 

Gül, gül üzünü görmək üçün bağa çəkilmiş,

Lalə döşünü dağlayıban dağa çəkilmiş,

Qar sinəni görcək o da yaylağa çəkilmiş,

 

Ey xosrovi-xavər,

Ey şəmsi-münəvvər,

Eşqin məni yeksər,

Yandırdı çu Azər,

Ey dilbəri-sərkəş,

Ey huzi-pərivəş,

 

Haşaki – zəifəm mənə uzma dəxi atəş,

Bu cövri ədalət nədir, ey səndə, Zuleyxa?!

 

Həqqa ki, səndə türfə camalında eyib yox,

Yaqut ləbində, ruxi-alində eyib yox,

Hüsnündə və nə əqlu kamalında eyib yox,

 

Bir sərvi – rəvansan,

Aşubi – zamansan,

Sən afəti – cansan,

Ey afəti – dovran,

Vey mehri – direxşan

Ey şahi Suleyman,

 

Qıl dərdimə dərman sən, əya xosrovu-xuvban,

Qalmaz bu gözəllik sənə payəndə, Zuleyxa!

 

 

Qızyetər

 

Qızyetərin gəraylısı nakam bir məhəbbətin ifadəsi, cəsarətlə sevən Azərbaycanlı gəlininin naləsidir. Yenə həmin şerdən şairənin harasa, yad bir elə düşdüyünü, fərəhsiz bir həyat keçirdiyini öyrənirik.

 

Ellər yaylaqdan qayıtdı,

Nə yatıbsan, oyan, yarım!

Əzəl başdan şirin canın,

Dost yoluna qoyan yarım.

 

Keçmişəm əldən əllərə,

Düşmüşəm dildən dillərə,

Əlvan xına ağ əllərə,

Üzərindən qoyan yazım.

 

Şah dağıdır əsl soyum,

Şahnə incitməsin muyum,

Qiyamətlə qaldı toyum,

Məhşər olsun divan, yarım!

 

Qara geydi mənim bəxtim,

Yıxılıbdır uca təxtim,

Soyulubdur fərəh rəxtim,

Qəm xələtin geyən yarım!

 

Bilməm kimə gedim dada?

Aman, sirrin vermə yada,

Qızyetəri bu dünyada,

Gözü yaşlı qoyan qarım.